Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

03.07.2023

“Dədə Qorqud” jurnalının 81-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 81-ci sayı çapdan çıxıb. Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar altı rubrikada öz əksini tapıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyevin (Şirvanelli) “Dədə Qorqud Kitabı”nın Bursa və Drezden əlyazmalarının müqayisəli təhlili (I və II boylar üzrə)”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsində təhkiyəçi ozanla Dədə Qorqud arasındakı transmediativ əlaqə sisteminin strukturu”, Dr. Sacide Çobanoğlunun “Folklorda metaetik nəzəriyyə ilə “Dədə Qorqud Kitabı”nda ozan ənənəsinin xalq fəlsəfəsi”, Fatimə Bağırovanın “Kitabi-Dədə Qorqud” dastanında əkizlər mifi” məqalələri oxucuların ixtiyarına verilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Poetik düşüncənin inkişaf dialektikası: əfsanədən məsnəviyə”, filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Bayatılarda bütövləşən vətən”, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılovun “Ramazan karvanı... Bütün yollar üfüqlərdə bitmir”, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovanın “Uşaq təfəkkürünün formalaşmasında tapmacaların rolu”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Hüseynqızının (Əmirova) “Azərbaycan nəşrlərində qordarma və saxtalaşdırılmış mətnlər (əfsanə örnəkləri əsasında)”, Könül Əliyevanın Azərbaycan nağıllarında tarixi şəxsiyyət obrazlarının poetikası (İsgəndər Zülqərneyn obrazı əsasında)”, Ləman Osmanovanın “Aşıq Qərib” dastanında ürfani təzahürlər”, Şəbnəm İsmayılovanın “XX əsrin əvvəllərində Şəki-Zaqatala və Quba-Dərbənddə keçirilən toy mərasimlərinin müqayisəli təhlili”, Qumral Mirzəyevanın “Qarabağ və Naxçıvan bölgəsində qırxtökmə mərasimi ilə bağlı adət-ənənələr və inanclar”, Nailə Mirzəyevanın “Azərbaycan nağıllarında xalq müdrikliyi” başlıqlı məqalələri ilə tanış olmaq mümkündür.
“Dədə Qorqud” toplusunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin elmi işçisi Vüsalə Kərimova-Orucovanın Lənkəran rayonundan topladığı folklor örnəkləri təqdim olunub.
“Türk xalqlarının folklorundan nümunələr” bölməsində isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızının (Süleymanova) “Türkman xoryatları” başlıqlı yazısı və toplayıb çapa hazırladığı Türkman xoryatlarından örnəklər dərc edilib.
“Yeni nəşrlər” rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Əskərin Prof. Dr. Mustafa Arslanın “Türkmen kahramanlık destanı “Göroğlu”. İnceleme-metin” kitabı haqqında yazısı yer alıb.
Jurnalın “Tədbirlər” rubrikasında isə AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı, professor Cəlal Qasımovun xatirəsinə həsr olunmuş “Alim ömrünün işığında” filminin təqdimat mərasimi və Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının Qırğızıstanın Oş şəhərində keçirilən VII Dünya xalqlarının eposları festivalında iştirakı barədə yazılar təqdim olunub.
AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.