“Dədə Qorqud” jurnalının 79-cu sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” toplusunun 79-cu sayı çapdan çıxıb. Jurnalın bu sayında maraqlı elmi məqalələr, yeni toplanmış folklor nümunələri yer alıb. Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar 5 bölmədə öz əksini tapıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud” Azərbaycan türklərinin ədəbi zirvəsi və mənəviyyat simvoludur”, filologiya üzrə fəlsəfə doktoru Nizami Adişirinovun “Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında folklor motivləri (“Kitabi-Dədə Qorqud” boyları ilə müqayisəli)”, İlhamə Babanlının “Zaman kateqoriyası “Dədə Qorqud” Kitabında” məqalələri dərc olunub.
“Dədə Qorqud” toplusunun “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində filologiya elmləri doktoru, professor Rüstəm Kamalın (Rəsulov) “Pənah xan obrazı monomif kimi”, filologiya elmləri doktoru, professor Minaxanım Təkləlinin (Nuriyeva) “Bir nəğmənin tarixi: Qalanın dibində bir daş olaydım”, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın “Xalq dastanlarının məzmun xüsusiyyətləri”, filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovanın “M.F.Axundzadə dramaturgiyasında folklorizm”, Fatimə Bağırovanın “Azərbaycan məhəbbət dastanlarında struktur və məzmun özəlliyi”, Aytən Hacıyevanın “Məhəbbət əfsanələrində yaradılışın səciyyəsi”, Lalə Hüseynovanın “1938-ci il repressiya qurbanı, şair İsmayıl Katibin həyatı və yaradıcılığı haqqında”, filologiya üzrə fəlsəfə doktoru Abbasəli Əhmədoğlunun “Azərbaycanın tarixi coğrafiyası və milli mənsubiyyəti”, Tansu Rəsulovanın “Rəvayət poetikasında yuxu motivinin funksiyası”, Tural Adışirinovun “Azərbaycanın şimal-qərb bölgəsinin folkloru mifoloji aspektdə: kultlar, arxetiplər”, Könül Əliyevanın “Azərbaycan epik folklorunda İsgəndər Zülqərneyn obrazı (“İsgəndər və qarğa” nağılı əsasında)”, Şəbnəm İsmayılovanın “Şimal bölgəsinin mərasimlərində folklorizmlər və ifaçılıq mədəniyyəti” məqalələri yer alıb.
“Dədə Qorqud” toplusunun “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızının (Süleymanova) Balakən rayonunun Hənifə kənd sakini, dambur ifaçısı Əfqan Zeybəddin oğlu Rəhmanovdan topladığı haylalar dərc olunub.
“Türk xalqlarının folklorundan nümunələr” bölməsində isə Axısqa türklərinin nağıllarından nümunələr verilib.
Jurnalın “Tədbirlər” rubrikasında AMEA-da “Şuşa ili” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans, tanınmış folklorşünas alim, professor Hüseyn İsmayılovun 70 illiyinə həsr olunmuş respublika elmi konfransı və görkəmli tənqidçi-ədəbiyyatşünas, professor Rüstəm Kamalın 60 illik yubiley tədbiri haqqında yazılar təqdim olunub.