“Dədə Qorqud” jurnalının 77-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” toplusunun 77-ci sayı çapdan çıxıb. Jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan və axısqa türklərinin folklorundan yeni nümunələr yer alıb. Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar 5 bölmədə öz əksini tapıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin “İnternet folklorunda Dədə Qorqud obrazının desakralizasiyası: virtual performansda folklorik mənalandırma”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Adişirinovun “Lord Raqlanın ənənəvi qəhrəman qəlibləri və “Dədə Qorqud qəhrəmanları” məqalələri dərc olunub.
“Dədə Qorqud” toplusunun “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun “Zamanla məkanı əks etdirməyin şifahi və yazılı ədəbiyyatdakı prinsipləri”, filologiya elmləri doktoru Ramazan Qafarlının “Azərbaycan folklorunda yuxu görmə motivi”, filologiya elmləri doktoru İslam Sadıqın “Qarabağnamə”lərdə sözlü ədəbiyyat örnəkləri”, filologiya elmləri doktoru, professor Minaxanım Nuriyevanın “Rus ədəbiyyatı nümunələrində türk xalqları folklorunun təsirləri”, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşıyevanın “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması və türk dastançılıq elementləri” filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Qarabağda xalq lirikası: dünən və bu gün”, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovanın “Təlim-tərbiyə prosesində atalar sözlərinin rolu”, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Ramazan Qafarlının “Azərbaycan türklərinin mifologiyası” əsərində problem məsələnin qoyuluşu”, Mahir Cavadovun “Aşıq sənəti xalq həyat tərzinin güzgüsüdür”, Məhsəti Süleymanovanın “Uşaq folklorunun təsnifatı və səciyyəvi xüsusiyyətləri”, Şəbnəm İsmayılovanın “Quba-Xaçmaz bölgəsinə aid mərasimlərin təsnifatı” məqalələri yer alıb.
“Dədə Qorqud” jurnalının “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində AMEA Folklor İnstitutunun əməkdaşı Südabə Həsənovanın topladığı folklor örnəkləri “Havış kəndinin həyatında təndir” başlığı ilə dərc olunub.
“Türk xalqlarının folklorundan nümunələr” bölməsində isə filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Axısqa türklərinin imam yeri: Kobliyanlı aşıq Səfili” adlı yazısı və axısqa folklorundan örnəklər – “1918-1919 gürcü savaşı və Kobliyan dastanı”ndan”, “Aşıx Səfilinan deqirmançinin dastanı” verilib.
Toplunun “Yaddaş” rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin “Tofiq Hacıyev assosiasiyası” başlıqlı xatirə yazısı oxucuların ixtiyarına verilib.